Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə “Sağlam ailə, sağlam gələcək” adlı seminar keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ailə dəyərlərinin qorunması, erkən nikahın yaratdığı sosial və tibbi fəsadlar, evlilik öncəsi zəruri tibbi prosedurlar və sağlam həyat tərzinin əhəmiyyəti müzakirə olunub.
Seminarda Nazirliyin əməkdaşı Valeh Mahmudov, “Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası”nın bölmə müdiri, həkim-pediatr İlkay Əliyeva və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, psixoloq Nuray Sadiqovanın mövzu ilə bağlı çıxışları dinlənilib. Qeyd olunub ki, erkən nikah həm fiziki, həm psixoloji, həm də sosial baxımdan ciddi fəsadlara səbəb ola bilər. Bu kimi halların qarşısının alınmasında valideyn–övlad münasibətlərində düzgün ünsiyyət, vaxtında tibbi müayinələr və psixoloji dəstək mühüm rol oynayır.
Tədbirin sonunda mövzuya uyğun maarifləndirici film nümayiş olunub. İnteraktiv şəkildə davam edən seminarda məktəblilər sual və təkliflərini səsləndiriblər.